...

“Təmiz Şəhər”: Balaxanı poliqonu Avropa standartlarına uyğun sanitar poliqon kimi fəaliyyət göstərir (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2016 13:13 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təmiz Şəhər” Mərkəzində tullantı idarəçiliyi ilə bağlı üçüncü mühazirə keçirildi.
“Təmiz Şəhər”: Balaxanı poliqonu Avropa standartlarına uyğun sanitar poliqon kimi fəaliyyət göstərir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) "Təmiz Şəhər" Mərkəzində tullantı idarəçiliyi ilə bağlı üçüncü mühazirə keçirildi.

"Təmiz Şəhər" ASC-dən Trend-ə verilən məlumata görə, tələbələrə Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunun nümunəsində dünyadakı bu tip poliqonların iş prinsipləri barədə məlumat verildi. Gənclər şəhərdən toplanmış və təkrar emala yararsız olan məişət tullantılarının bu tip polionlarda necə basdırılaraq zərərsizləşdirildiyini ətraflı öyrəndilər.

Həmçinin Balaxanı poliqonunda son illərdə aparılan yenidən qurma işləri haqqında danışan ASC əməkdaşı buranın artıq Avropa standartlarına tam uyğunlaşdırılmış bir sanitar poliqon kimi fəaliyyət göstərdiyinə diqqət yönəltdi.

Tədbirdə bildirilib ki, Bakıdan yığılmış tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün burada qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Hücrələrdəki tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilməsi nəzərdə tutulub. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üstünə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.

Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.

Bu mühazirə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı oldu, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini bildirdilər.

"Təmiz Şəhər" ASC-nin AzMİU-da keçirdiyi bu cür xüsusi mühazirələr tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumu əsasında təşkil olunur. Razılaşmaya əsasən, səhmdar cəmiyyət universitetdə tullantıların idarə olunması ixtisasının öyrədilməsinə dəstək məqsədi ilə burada "Təmiz Şəhər" Mərkəzi yaradaraq buranı lazımi texnika və avadanlıqlarla təmin edib. Mütəmadi olaraq təhsil müəssisəsində mühazirələr təşkil edərək tələbələrin bu sahədə biliklərinin artırılmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti