...

Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 20 May 2016 13:08 (UTC +04:00)
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda bu rayonun və Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinləri ilə görüşüb (FOTO)

Bakı-Trend:

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda bu rayonun və Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, vətəndaşların müraciətlərində məşğulluğun təminatına və bərpa müalicəsinə kömək göstərilməsi, imtiyazlı şəxslərin mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, əmək pensiyasına hüququn müəyyən olunması və s. məsələlər əhatə olunub. Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciət obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, müvafiq hallarda vətəndaşlara hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı elə yerindəcə tədbirlər görülüb. Vətəndaşların bir qisminin müraciətlərinə əsasən onların və ya yaxınlarının bərpa müalicəsinə köməklik göstərilməsi üçün onlar qeydiyyata alınıb, bir sıra vətəndaşlar münasib iş yerlərinə göndərişlə təmin olunublar. Həmçinin əmək hüquqlarının müdafiəsi, əmək pensiyası hüququnun müəyyən olunması və s. ilə bağlı qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi barədə tapşırıqlar verilib.

Mənzillə təmin olunmaq barədə müraciətləri cavablandırarkən S.Müslümov Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisinə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb: "Möhtərəm dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə işlərin geniş vüsət almasına imkan yaradıb, keçən il və cari ilin ötən dövründə Bakıda və müxtəlif bölgələrimizdə 222 nəfəri Qarabağ müharibəsi əlili, digərləri şəhid ailələri olmaqla 451 nəfər nazirlik tərəfindən yeni mənzillərlə təmin olunub. Eləcə də həmin dövrdə Gədəbəy, Ağstafa, Qazax rayonları üzrə 16 fərdi yaşayış evi tikilərək müvafiq şəxslərin istifadəsinə verilib. Hazırda Qazax, Ağstafa, Şəmkir və Tovuz rayonlarında daha 20 ədəd fərdi yaşayış evi də tikilir və onlardan yarısında artıq tikinti işləri yekunlaşmaqdadır". Vətəndaşların müraciətlərinin bir qismi də mənzil tikintisi üçün növbəyə dayanmaqla bağlı olub. Belə şəxslərə izah olunub ki, imtiyazlı şəxslərin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən həyata keçirilir.

S.Müslümov artıq 3 aydır ki, ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılmış şəraitdə fəaliyyət göstərdiyini, artıq bu sahədə məmurla vətəndaş arasında təmasa imkan verən heç bir məqamın mövcud olmadığını qeyd edib: "Ona görə də son aylarda vətəndaşlar tərəfindən bu sahə ilə bağlı edilən müraciətlər dəfələrlə azalıb, edilən müraciətlər də əsasən sorğu xarakteri daşıyır. Bunu avtomatlaşdırılmış pensiya və tibbi-sosial ekspertiza sistemlərinə də aid etmək olar. Yəni bu gün həmin sahələrdə şəffaf xidmətlər sistemi fəaliyyət göstərir".

Qəbul zamanı vətəndaşlar sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsi, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində aparılan mühüm işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti