...

Yay düşərgəsinə start verildi (FOTO)

Cəmiyyət Materials 20 İyun 2016 13:24 (UTC +04:00)
ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsinə start verildi.
Yay düşərgəsinə start verildi (FOTO)

Bakı. Trend:

Bu gün ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi yay düşərgəsi öz işinə başlayıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, universitetdə keçirilən açılış mərasimi ilə 40 məktəbli 11 günlük öyrədici və əyləncəli düşərgə həyatına başladı.

Açılış tədbirində ADA Universitetinin rektoru Hafiz Paşayev, “Təmiz Şəhər” ASC-nin rəhbəri Etibar Abbasov və hər iki qurumdan digər vəzifəli şəxslər iştirak etdi. Rektor yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verəcək keyfiyyətdə olacağına diqqət çəkərək yeniyetmələrin düşərgədə çox faydalı biliklər əldə edəcəklərini bildirdi. Onların bu müddət ərzində öyrənəcəklərinin gələcək inkişaflarında xüsusi əhəmiyyət daşıyacağını söylədi.

E.Abbasov çıxış edərək düşərgə iştirakçılarını təbrik etdi və yeniyetmələrə uğurlar arzuladı. "Təmiz Şəhər”in rəhbəri yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydalarından danışdı. O, gənclərin çox vaxt gələcək karyeralarını da bu cür məktəblərdə müəyyən etdiklərini dedi. Hətta “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin daha sonra səhmdar cəmiyyətdə işlə də təmin olunduğunu bildirdi. E.Abbasov bu dəfəki yay düşərgəsi iştirakçıları arasında da gələcək ADA Universiteti tələbələrinin və “Təmiz Şəhər” ASC əməkdaşlarının yetişəcəyinə əmin olduğunu bildirdi.

13-17 yaşlı məktəblilərin birinci qrupu 20 iyun – 1 iyul, ikinci 40 nəfərlik qrup isə 4-15 iyul tarixlərində düşərgədə olacaqlar.

Düşərgə proqramı akademik və yaradıcı hissədən ibarət olacaq: iştirakçılar ümumi dünyagörüşünü, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirəcək, yeni dostlar qazanacaqlar. Yeniyetmələrə kommunikasiya, media, fotoqrafiya, kompyuter proqram təminatı kimi sahələr üzrə də dərslər keçiləcək.

Bununla yanaşı, məktəblilər tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak edəcəklər. “Təmiz Şəhər”in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına baş çəkəcək, iş prosesi ilə yerində tanış olacaqlar. Həmçinin Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyinə tur təşkil olunacaq. Burada iştirakçılara tullantı materiallardan istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti