...

Səfirlik: Azərbaycan mediası olaylara Türkiyə xalqının və dövlətinin mənafeləri baxımından yanaşdı

Cəmiyyət Materials 25 İyul 2016 16:37 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.
Səfirlik: Azərbaycan mediası olaylara Türkiyə xalqının və dövlətinin mənafeləri baxımından yanaşdı

Bakı. Trend:

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan Trend-ə verilən məlumata görə, H.Karadeniz Azərbaycan milli mətbuatının 141 illiyi ilə bağlı Türkiyənin ölkəmizdəki səfirliyinin təbriklərini çatdırıb, bu günün Azərbaycan mediasının sağlam təməllər üzərində inkişafından məmnunluğunu bildirib.

Mətbuat müşaviri mövcud xüsusda Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsinin Azərbaycanın kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətlərinə diqqət çəkib. O bildirib ki, Azərbaycan mediası olaylara Türkiyə xalqının və dövlətinin mənafeləri baxımından yanaşdı, obyektiv mövqe tutaraq öz dəstəyini əsirgəmədi. Buna görə təşəkkürünü ifadə edən H.Karadeniz onu da bildirib ki, iki qardaş ölkənin media qurumlarının ümumi məsələlərə belə həssas reaksiyası əhəmiyyətli və zəruridir.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov XXI əsrdə dövlət çevrilişi hadisəsinin hər hansı geridə qalmış məmləkət üçün xarakterikliyini vurğulayıb: "Türkiyə kimi yüksək inkişafa malik ölkədə belə hal əsla yolverilməzdir. Görünür, bunu Türkiyəyə yaraşdıranlar olub. Ancaq xalqın qətiyyəti çevrilişin həyata keçməsini əngəllədi. Ölkənin siyasi elitası birləşdi və dövlətçiliyi qorudu. Ümumən çevriliş yolu ilə hakimiyyəti ələ keçirmək istəyi köhnə, bəsit təfəkkürün məhsuludur. Düşünürəm ki, həm bu məqamın təbliğinin, həm də xalqın demokratizmə sadiqliyinin ən gözəl nümunəsi Türkiyə mediasının da fəaliyyətinə sirayət etdi. Media lap başlanğıcdan xalqın demokratik seçimini dəstəklədi, hər hansı panikaya qapılmadan öz missiyasına sadiq qaldı, örnək oldu. Hesab edirəm ki, Azərbaycanın kütləvi informasiya vasitələri də məsələdə sadiqlik nümayiş etdirdilər. Onlar qardaş ölkədə yaşananlara dövlətçilik prinsiplərini, ortaq dəyərlərimizi, mənafelərimizi rəhbər tutaraq yanaşdılar. Bu, son dərəcə vacibdir".

Görüşdə Azərbaycan və Türkiyə mediaları arasındakı əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti