...

Azərbaycan korrupsiyaya qarşı regional əməkdaşlığı davam etdirir

Cəmiyyət Materials 17 Noyabr 2016 18:13 (UTC +04:00)
Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı çərçivəsində regional əməkdaşlıq uğurla davam etdirilir.
Azərbaycan korrupsiyaya qarşı regional əməkdaşlığı davam etdirir

Bakı. Trend:

Noyabrın 15-17-də Latviyanın paytaxtı Riqa şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 16-cı illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib. Tədbirdə Azərbaycanı Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində institusional və cinayət təqibi tədbirləri, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Antikorrupsiya Şəbəkəsinin Baş idarə tərəfindən idarə edilən internet saytı və onun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə, təşkilata üzv ölkələr tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət təcrübələr, o cümlədən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və onunla mübarizə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, bu il mayın 23-24-də Buxarest şəhərində EPAC və EACN-in İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş konfransı çərçivəsində əldə olunmuş təcrübələrlə bağlı müvafiq hesabat təqdim edilib.

Tədbir çərçivəsində Latviyanın Baş prokuroru və Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun rəhbəri, habelə OLAF-ın baş direktoru və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirin sonunda Gürcüstanın quruma üzv qəbul edilməsi və Regional Antikorrupsiya Təşəbbüsü təşkilatının EPAC-ın fəaliyyətinə və görülən işlərə nəzarətçi qismində seçilməsi ilə əlaqədar səsvermə keçirilib və hər iki təklif qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti