...

Binəqədidə yanan binaya görə təqsirləndirilənlərə bəraət istənildi

Cəmiyyət Materials 10 Yanvar 2017 15:56 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilənlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Binəqədidə yanan binaya görə təqsirləndirilənlərə bəraət istənildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Ə.Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi N.Orucov və “QlobalStone” MMC-nin baş direktoru U.Bəşirovun vəkilləri müdafiə çıxışı ediblər.

Onlar hüquqlarını müdafiə etdiyi şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə caza istəyib. Prokuror çıxışında M.Mahmudovun 10 il, U.Bəşirovun 8 il, Ə.Əsgərov, Q.Novruzov və Ə.Rəcəbovun 7 il, N.Orucov, A.Məmmədov və A.Əlibəyovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Qlobal Stone" və "Global Construction" MMC təsisçisi M.Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru U.Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ə.Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ə.Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi N.Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Q.Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri A.Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru A.Əlibəyov da cinayət işinə cəlb ediliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti