...

"Yonhap" agentliyi: Azərbaycan və Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir

Cəmiyyət Materials 6 Aprel 2017 17:56 (UTC +04:00)
"Əsas məqsədimiz əməkdaşlığı mümkün qədər genişləndirməkdən ibarətdir. Təbii ki, Azərbaycan ilə Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir".
"Yonhap" agentliyi: Azərbaycan və Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir

Bakı. Trend:

Koreya Respublikasının "Yonhap" agentliyinin prezidenti Park No-Hvanq AZƏRTAC-a müsahibə verib.

- Cənab No-Hvanq, Sizin də iştirak etdiyiniz Dünya Xəbər Agentliklərinin V Konqresi gündəliyinin zənginliyi, eləcə də son dövrlər medianın üzləşdiyi çağırışların həlli yollarının araşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Sizin agentliyiniz bu çağırışlarla bağlı hansı işləri görür?

- Onu qeyd edim ki, Konqresdə xəbər agentlikləri üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olundu. Belə ki, bu mötəbər tədbirdə dünyanın bir çox ölkələrindən tanınmış media peşəkarları iştirak edirdilər. Konqresin işindən bəhs edən xəbərlər dünyada ölkəniz, dövlətinizin mövqeyi barədə daha aydın təsəvvürlər yaratdı. Bildiyiniz kimi, bir çox xəbər agentlikləri rəqəmsal dünyada problemlərlə üzləşirlər. "Yonhap" xəbər agentliyi, eyni zamanda, 24 saatlıq xəbər kanalıdır. Biz agentliklərin bir-biri ilə daha sıx əlaqə qurması üçün şəbəkə sistemini işə salacağıq. Bizim tərəfdaş olduğumuz agentliklər bu sistemdən yararlana bilərlər. Artıq 26 xəbər agentliyi bu sistemə maraq göstərir və bununla bağlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ümidvaram ki, bu, agentliklərin xəbər, video, foto mübadiləsini daha da asanlaşdıracaq və xəbər agentliklərinin səmərəli əməkdaşlığı üçün dönüş nöqtəsi olacaq.

- AZƏRTAC ilə "Yonhap" həm beynəlxalq media qurumları çərçivəsində, həm də ikitərəfli formatda sıx əməkdaşlıq edir. Ötən müddətdə əməkdaşlığın inkişafı istiqamətində agentliklərimizin göstərdiyi səylər sizi qane edirmi?

- Əsas məqsədimiz əməkdaşlığı mümkün qədər genişləndirməkdən ibarətdir. Təbii ki, Azərbaycan ilə Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir. Hesab edirəm ki, hər iki agentlik əməkdaşlığın inkişafı üçün yetərincə səy göstərir və bu, səmərəli nəticələr verir. Xüsusilə, indiki dövrdə informasiya agentlikləri arasında belə sıx əməkdaşlıq çox önəmlidir. Hər iki ölkənin əsas media qurumları olan AZƏRTAC və "Yonhap" arasında əlaqələrin genişlənməsi ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşmasına xidmət edir. Ümidvaram ki, gələcəkdə həyata keçirməyi nəzərdə tutduğumuz birgə layihələr əlaqələrimiz daha da dərinləşdirəcək.

Koreya hökumətinin təşəbbüsü ilə bu ölkənin mədəniyyətinin, dilinin, iqtisadiyyatının, adət-ənənələrinin öyrənilməsi məqsədilə xarici jurnalistlər üçün təlim proqramı keçiriləcək. Bu proqram mədəniyyətlərin, dillərin öyrənilməsi baxımından nadir imkandır. Biz AZƏRTAC-ın əməkdaşının bu proqramda iştirakından məmnun olardıq.

Bu il, eyni zamanda, Koreya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bu münasibətlə Seulun mərkəzində fotosərgi keçiriləcək. Düşünürəm ki, bu sərgidə hər iki agentliyin foto məhsullarının nümayiş etdirilməsi mümkündür. Hər iki ölkənin səfirlikləri etnik koreyalını və etnik azərbaycanlını tamaşaçılara nümayiş etdirəcəklər. Bu da əlaqələrimizin daha geniş məcrada inkişafına töhfə verəcək.

- 2019-cu ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik AZƏRTAC-dan "Yonhap"a keçəcək. Bununla bağlı nə kimi perspektiv planlarınız var?

- Biz ən böyük regional media qurumu olan OANA-ya AZƏRTAC-dan sonra sədrlik edəcəyik. Bu, böyük məsuliyyət deməkdir. Biz agentliyinizin OANA-ya sədrliyi müddətində gördüyü işləri və ənənələri davam etdirəcəyik. Düşünürəm ki, AZƏRTAC da bizi bu istiqamətdə dəstəkləyəcək. Biz birgə səylərlə bu təşkilatın nüfuzunu daha da yüksəldəcək, fəaliyyətini təkmilləşdirə və canlandıra biləcəyik.

Koreya 2018-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Biz Oyunların işıqlandırılmasında OANA-nın imkanlarından daha geniş istifadə etməyi düşünürük. Hesab edirəm ki, OANA-ya üzv olan agentliklərin yaydığı xəbərlər xalqların mədəniyyətlərini, dəyərlərini bir-birinə daha da yaxınlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti