Bakı. Trend:
“Olympic Moves” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin regionlar üzrə rayondaxili mərhələsi başa çatıb.
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təfərdaşlığı ilə həyata keçirilən məktəblilərin “Olympic Moves” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin regionlar üzrə rayondaxili mərhələsi başa çatıb. Regionlar üzrə yarışlara Gəncə, Sumqayıt şəhərlərinin və Göygöl rayonunun məktəbliləri cəlb olunub.
Lahiyənin proqramına daxil olan 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda regionlardan birinci yeri tutan məktəblərin komandaları Respublika birinciliyi mərhələsində iştirak haqqı qazanıb. Rayondaxili mərhələdə regionlardan 112 məktəbdən 24192 şagird iştirak edib. Ümumilikdə 5 idman növü üzrə ilk birinci yeri tutan 20 məktəbin komandaları finalda özlərini sınayacaqlar.
Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub. Qaliblər təşkilat komitəsinin təsis etdiyi kubok və diplomlarla təltif edildi. Bundan əvvəl Bakı şəhərində rayondaxili mərhələ başa çatıb və bu mərhələdə paytaxtda qalib adını 60 məktəb qazanıb.
“Olympic Moves” ümümtəhsil məktəblərində sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi, Olimpiya İdman Komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi məqsədi ilə keçirilir.
Qeyd edək ki,"Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşməsini təmin edir.