...

Uşaq evlərində məskunlaşmış uşaqlar üçün “Ekoloji laboratoriya” təşkil olunub (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2017 20:56 (UTC +04:00)
“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzində tədbir keçirilib.
Uşaq evlərində məskunlaşmış uşaqlar üçün “Ekoloji laboratoriya” təşkil olunub (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzində tədbir keçirilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, 1, 2 və 3 nömrəli uşaq evlərində məskunlaşmış 100 nəfərə yaxın 6-11 yaşlı uşaqların iştirakı ilə təşkil edilən təlim “təbiətə sevgi” mövzusuna həsr olunub.

Təlim zamanı “kiçik ekoloqlar”a planetimiz haqqında maraqlı faktlar, vəhşi təbiət, ekosistem, heyvanların təsnifatı, heyvanların nəslinin tükənməsi barədə geniş məlumat verilib, o cümlədən qış fəslində təbiətdə baş verən dəyişikliklər, qar, onun quruluşu və yaranma prosesi izah olunub.

Yeni il ərəfəsində baş tutan təlim zamanı gənc ekoloqlara ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması yolları izah olunub. Təlimin gedişində uşaqlar IDEA Heyvanlara Qayğı Mərkəzinin sevimli sakinləri olan sahibsiz it və pişiklərlə, həmçinin dovşan, tısbağa, dəniz donuzu, iquana, tutuquşu, müxtəlif növ balıqlar və s. kimi heyvanlarla tanış olub, onları yemləmək və qayğılarına qalmaq imkanı əldə ediblər. Daha sonra, uşaqlara IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən "Şirvan Milli Parkı" sənədli filmi nümayiş olunub.

Uşaqları yaşıllıqların qorunmasına cəlb etmək məqsədilə Mərkəzin həyətində birgə güllər əkilib və onlara qulluq qaydaları göstərilib. Tədbirin davamı olaraq, uşaqlar üçün Yeni il şənliyi və maraqlı əyləncələr təşkil edilib.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı 1, 2 və 3 nömrəli uşaq evinin kiçik ekoloqlarına Yeni il hədiyyələri təqdim edib.

2015-ci ilin yanvar ayından həyata keçirilən “Uşaqlar üçün ekoloji laboratoriya” təlimi uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların kiçik yaşlarından ekoloji biliklərə sahib olmaları baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, layihə çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib. Ümumilikdə, 1000-ə yaxın uşaq ekoloji laboratoriyanın qonağı olub.

IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti ildən iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti