...

Penitensiar xidmət 2017–ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2018 21:34 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirlyi Penitensiar xidmətinin Baş idarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.
Penitensiar xidmət 2017–ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirib (FOTO)

Bakı. Trend:

Bu gün Ədliyyə Nazirlyi Penitensiar xidmətinin Baş idarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.

Trend-ə xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Müşavirədə xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq qeyd etmişdir ki, Penitensiar xidmət tərəfindən 2017-ci ildə fəaliyyəti tənzimləyən ölkə başçısının müvafiq fərman və sərəncamları, qanunvericilik aktları, nazirliyin kollegiya qərarları rəhbər tutularaq, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi, penitensiar sistemin inkişafı, kadr potensialının gücləndirilməsi, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlər həyata keçirilib.

Uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi təmin edilmiş, Baş idarənin və struktur qurumların maddi-texniki bazasının inkişafı, idarəetmənin təkmilləşdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi və fəaliyyətdə mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər görülüb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10.01.2018-ci il tarixdə keçirilmiş 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər nəzərdə tutulur.

Ölkə Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamının bu sahənin inkişafı prosesinin daha da genişləndirilməsi və növbəti mərhələyə keçməsi üçün zəmin yaratdığı vurğulanıb.

Nazir müavini Sərəncamın icrası üzrə yaradılmış komissiya tərəfindən müvafiq xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrində işin qanunvericiliyə uyğun təşkili, əməkdaşların sosial müdafiəsi və digər məsələlər üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edildiyini bildirib.

Qeyd olunub ki, məhz ölkə başçısı tərəfindən imzalanmış Sərəncamın icrası ilə bağlı alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin nəticəsi olaraq 2017-ci ilin sonuna istintaq təcridxanalarında saxlanılan şəxslərin sayı 2016-cı illə müqayisədə 24 faizədək azalıb.

Məlum olduğu kimi, həmin Sərəncamın məntiqi davamı olaraq, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi dövlətimizin başçısı tərəfindən Milli Məclisə təqdim olunub və müvafiq Qanun qəbul edilib. 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmiş Qanunla Cinayət Məcəlləsinə 300-dək dəyişikliklər edilib, 160-dək maddənin sanksiyasına alternativ cəzalar, 40-dək cinayətə görə azadlıqdan məhrum etmə cəzası yügülləşdirilib.

Yeni Qanunun icrası ilə bağlı Baş idarədə məsul əməkdaşlardan ibarət işçi qrupu və müvafiq olaraq tabe müəssisələrdə komissiyalar yaradılıb. Məhkumların şəxsi işləri öyrənilib və 10 min nəfərə yaxın məhkumun Qanunun təsiri altına düşdüyü müəyyən edilib. Bu müddətdə 1.136 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib, 231 məhkum cəza çəkməkdən azad olunub, 99 məhkumun cəza müddəti azaldılıb. Qanunun icrası prosesi davam etdirilir.

Nazir müavini ölkə Prezidentinin humanist təşəbbüslə çıxış edərək uzun illər məhkumlara, onların ailələrinə qayğı ilə yanaşmasınını davam etdirdiyini bildirərək, 2017-ci ilin 16 mart tarixində 423 məhkumun, onlardan azadlıqdan məhrum etmə cəzasını çəkən 414 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzaladığını və icrasının vaxtında həyata keçirildiyini vurğulayıb.

Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov xidmətin 2017-ci il ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2017-ci il ərzində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1170 manat və 700 ABŞ dolları məbləğində pul, 126 mobil telefon, 77 fakt üzrə 143,3 qram narkotik və psixotrop maddələr, 96,6 litr qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 541 müxtəlif, o cümlədən qəsdən adam öldürmə ilə bağlı xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib. Penitensiar xidmətin əməliyyat aparatının məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilib 4 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.

Qeyd edilmişdir ki, Baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri aparılıb, iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə xidməti otaqlar yeni müasir tipli mebel dəstləri, zəruri avadanlıq və inventarla təchiz edilib. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilib, yeni qaz xətləri çəkilib, istismar müddəti başa çatmış elektrik avadanlıqları və kabelləri yenilənib, müasir tipli istilik sistemləri quraşdırılaraq istifadəyə verilib.

2017-ci il ərzində yeni istehsalat sahələri yaradılmış, ayri-ayri cəzaçəkmə müəssisələrində metal tor, mismar, mebel, üzlük daşlar, polietilen torbalar, corab, yataq dəsti və s. istehsal edən sexlər təşkil olunmuş, tərəvəz yetişdirilməsi üçün istixanalar təşkil edilmişdır.

Aparılmış məqsədyönlü profilaktiki iş cinayətlə vurulmuş maddi ziyanın məhkumlar tərəfindən ödənilməsi sahəsində də nəticəsini verib, təqsirləndirilən şəxslər və məhkumlar tərəfindən törətdikləri cinayət nəticəsində vurmuş olduqları 22 milyon manata yaxın pul ödənilib.

Müşavirədə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərləri, habelə Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğunu qeyd edərək, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tabe qurumlar qarşısında duran tələbləri irəli sürüb, tapşırıqlar verib.

Eyni zamanda nazir müavini nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti