...

Bakı Slavyan Universitetində İctimai Etimad Şurası yaradılıb (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2018 14:34 (UTC +04:00)
Bakı Slavyan Universitetində İctimai Etimad Şurası yaradılıb.
Bakı Slavyan Universitetində İctimai Etimad Şurası yaradılıb (FOTO)

Bakı. Trend:

Yanvarın 24-də Bakı Slavyan Universitetində ilboyu və imtahan sessiyaları dövründə biliyin obyektiv qiymətləndirilməsi, tələbə və valideynlərin müraciətlərinə münasibətdə şəffaflığın, ədalətin təmin edilməsi məqsədilə İctimai Etimad Şurası yaradılıb.

Trend-in məlumatına görə, təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Şuranın koordinatoru seçilib. Trend İnformasiya Agentliyinin Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, Respublika Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan, millət vəkili, əməkdar jurnalist Sahib Alıyev, Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin İdarə Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm, Təhsil Departamentinin direktoru Rauf Rəcəbov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in müxbiri Sevinc Mürvətqızı Şuranın üzvləri seçiliblər.

İctimai Etimad Şurasının üzvləri BSU-nun rektoru, professor Nurlana Əliyevanın, prorektorlar Rafiq Novruzov, Telman Cəfərov, Xanım Sultanova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Quliyevin qatıldığı "dəyirmi masa"da təhsilimizin real vəziyyəti və Şuranın gələcək fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə çıxış edən BSU-nun rektoru universitetdə həyata keçirilən quruculuq işləri, mənəvi mühitin sağlamlaşdırılması məqsədilə görülən tədbirlər barədə Şura üzvlərinə qısa məlumat verib. O, cəmiyyətimizdə ictimai rəyin son dərəcə böyük rol oynadığını, obyektivliyin və şəffaflığın təmin edilməsinin məhz ictimai nəzarətdən keçdiyini vurğulayıb. Rektor Şura üzvlərini universitetdə təkcə imtahan sessiyası dövründə deyil, hər zaman görmək istədiyini bildirib.

Professor Şahlar Əsgərov, millət vəkili Novruz Aslan və digərləri BSU-nun təkcə təhsil sahəsində deyil, həm də ölkəmizin ictimai-siyasi həyatında, Azərbaycanın slavyan dövlətləri ilə əməkdaşlığının genişlənməsində əhəmiyyətli mövqeyə malik olduğunu bildiriblər. Onlar ayrı-ayrı ölkələrin səfirlərinin BSU ilə əlaqələrini yüksək qiymətləndirərək bu təcrübənin digər ali məktəblərə yayılmasının da vacibliyini qeyd edibər.

Daha sonra İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləmək üçün auditoriyalara baş çəkiblər. Onlar Pedaqoji fakültənin IV kurs tələbələrinin, magistrantların imtahanlarında iştirak edib, qısa sorğu-sualdan sonra gənclərə öz tövsiyələrini veriblər. Şura üzvləri tibbi biliklərin əsasları fənnindən dövlət imtahanı prosesini də izləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti