...

Yaponiya Azərbaycan xalçaçılığına maraq göstərir (FOTO)

Cəmiyyət Materials 15 May 2018 16:09 (UTC +04:00)
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində Yaponiyanın “Xalça qalereyası” şirkətinin təsisçisi Katsumi Okuma və onu müşayiət edən heyətlə görüş olub.
Yaponiya Azərbaycan xalçaçılığına maraq göstərir (FOTO)

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətində Yaponiyanın “Xalça qalereyası” şirkətinin təsisçisi Katsumi Okuma və onu müşayiət edən heyətlə görüş olub.

Qurumdan Trend-ə verilən məlumata görə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Azərbaycan xalçaları, ölkəmizin xalçaçılıq ənənələri, qədim naxışlarımız barədə məlumat verib.

Bildirilib ki, xalça xalqımızın milli dəyəridir. Min illərdir ki, bu regionda toxunan orijinal Azərbaycan xalçaları bütün dünyaya ixrac olunur.

V.Muradov son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib ki, Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında 10 xalçaçılıq emalatxanası tikilərək istifadəyə verilib. Hazırda daha 10 bölgədə xalça emalatxanasının, Sumqayıtda Yun-Əyrici Boyaq Fabrikinin, Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması davam etdirilir.

Səmimi qəbula görə minnətdarlıq edən K.Okuma təsisçisi olduğu şirkətin fəaliyyəti, Azərbaycana səfərlərinin məqsədi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu şirkət 30 ildir, Şərq ölkələrindən Yaponiyaya xalça idxal edir. Əvvəllər yalnız xalça satışı ilə məşğul olan şirkət sonralar Şərq ölkələrindən alınan xalçaların daha yaxşı təqdimatı üçün araşdırmalar aparmağa, kitablar nəşr etdirməyə başlayıb. Hazırda Böyük İpək Yolu üzərində yerləşən tarixi xalçaçılıq mərkəzlərini araşdırır, yeni nəşrlər hazırlayırlar.

“Azərxalça”nın Quba filialı ilə tanış olduqlarını, Azərbaycan xalçalarına heyran qaldıqlarını deyən qonaq yeni nəşrlərdə Azərbaycan xalçaçılığına geniş yer ayıracaqlarını bildirib.

Yaponiyanın xalça satışı üçün böyük imkanlara malik olduğunu vurğalayan K.Okuma deyib: “Biz Azərbaycan xalçalarının Yaponiyada satışının təşkil olunmasında maraqlıyıq. Şirkətimiz dünyanın müxtəlif ölkələrindən Yaponiyaya xalça idxal edir. Burada toxunan xalçalarla tanış olarkən gördük ki, orijinal Azərbaycan xalçalarının tayı-bərabəri yoxdur. Bu xalçalar həm naxış elementlərinə, həm rəng koloritinə, həm də orijinallığına görə seçilir. Azərbaycan xalçalarını Yaponiya bazarına çıxarsaq, onun daha çox alıcısı olacağına inanırıq”.

Görüşdə “Azərxalça” ilə “Xalça qalereyası” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlinib, Azərbaycan xalçalarının Yaponiya bazarına çıxarılması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti