Bakı. İlhamə İsabalayeva - Trend:
Sabahdan Azərbaycanda 2018-2019-cu il üzrə ov mövsümü açıq elan edilir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ov mövsümü 2019-cu il martın 16-dək davam edəcək: "Ovçular nazirliyin yerli şöbələrinə zəruri sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir. Yerli ovçular yalnız şənbə-bazar günləri ov edə bilərlər. Ovçular ov etdikdən sonra onların qənimətinə baxış keçirilir".
H.Əlizadə xarici ovçularla da bağlı məlumat verib:
"İlk növbədə nəzərə almaq lazımdır ki, xarici ovçular xarici turistlərdir. Qanunvericiliklə onların ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da Azərbaycanın qanunvericiliyinə əməl etməlidir".
H.Əlizadə deyib ki, xarici ovçular üçün ova görə tələb olunan rüsumların məbləği yerli ovçularla eynidir.
Nazirlik rəsmisi əlavə edib ki, xarici ovçular qaban, çöl quşları ovuna maraq göstərirlər.
ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, ov mövsümünün açıq elan olunması istənilən yerdə ov edilə bilməsinin mümkünlüyü demək deyil: “Ov mövsümünün açıq elan edilməsi o demək deyil ki, kim harada gəldi, ov edə bilər. Hər kəs bilməlidir ki, qoruq ərazilərində ov etmək qadağandır. Yəni, ovçuluq sahəsində kimlərsə qanun pozuntularına yol verəcəksə, onlara qarşı qanun çərçivəsində ciddi tədbir görüləcək. Qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq”.