Bakı. Trend:
Bu gün tanınmış hüquqşunas Ələddin Sultanovun 90 illik yubileyidir.
Trend-in məlumatına görə, Ələddin Camal oglu Sultanov 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhərinin M.Ə.Sabir adına 5 saylı məktəbində almışdır. 1947-52-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış və adı çəkilən universitetinin hüquq fakultəsinin ilk məzunlarından olmuşdur.
Ə.Sultanov 90 illik həyatının 63 ilini hüquq elminə və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına həsr etmişdir. Belə ki, Sovetlər Dövründə Naxçıvan Muxtar Respublikasının Prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini vəzifələrində çalışmışdır. General-mayor ali xüsusi rütbəsindədir. 1998-ci ildə müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin təqdimatı əsasında, Ə.Sultanov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə Milli Məclis tərəfindən təsdiqlənmişdir.
Hüquq-mühafizə orqanlarında işlədiyi dövrdə SSRİ Mərkəzi Komitənin Birinci katibi L.Brejnev tərəfindən “Xalqlar Dostluqu” ordeni ilə, Ümummilli Lider Heydər Əliyev tərəfindən “Tərəqqi”, Prezident İlham Əliyev tərəfindən isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Evlidir, 4 övladı var.