...

Sadhqurunun Heydər Əliyev Mərkəzindəki müharizəsinə biletlər bitdi - Yeni zaldan biletlər satışa çıxarıldı

Cəmiyyət Materials 17 Oktyabr 2018 18:44 (UTC +04:00)
Dünya şöhrətli yoqin və mistik Sadhqurunun noyabrın 10-da Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək mühazirəsinə biletlər artıq bitib.
Sadhqurunun Heydər Əliyev Mərkəzindəki müharizəsinə biletlər bitdi - Yeni zaldan biletlər satışa çıxarıldı

Bakı. Trend:

Dünya şöhrətli yoqin və mistik Sadhqurunun noyabrın 10-da Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək mühazirəsinə biletlər artıq bitib.

Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, Sadhquru izləyicilərinin müraciət və istəklərini nəzərə alaraq Mərkəzin digər zalı-konfrans zalı üçün əlavə biletlər satışa çıxarılıb. Tamaşaçılar bu zalda quraşdırılmış böyük monitorda Sadhqurunun Mərkəzdəki mühazirəsini canlı izləyə biləcəklər. Mühazirə bitdikdən sonra Sadhquru konfrans zalında izləyiciləri ilə görüşəcək və onlar üçün kitablarını imzalayacaq.

Yeni satışa çıxarılmış biletlərin qiyməti 7 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

Qeyd edək ki, Sadhquru Heydər Əliyev Mərkəzində "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" (İnner Engineering: Technologies For Wellbeing) mövzusunda mühazirə ilə çıxış edəcək.

"Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağılı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı bir fiziki hazırlıq və ya yoqa haqda bilik tələb etmir, asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

Mühazirə zamanı bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə danışılacaq, auditoriyanın suallarına cavab veriləcək.

Mühazirəçi ingilis dilində çıxış edəcək, Azərbaycan və rus dillərinə isə sinxron tərcümə olunacaq.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın "Padma Vibhuşan" ("Padma Vibhushan") dövlət mükafatı ilə təltif olunub. Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Ümumdünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçuset Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib. Sadhquru 1992-ci ildə insanların rifahına xidmət edən beynəlxalq İşa Fondunu yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti