...

Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib

Cəmiyyət Materials 10 Aprel 2019 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.

Şuradan Trend-ə verilən məlumata görə, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur. Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:

Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu;
Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri;
Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti

Mükafatlandırma

I yer - 1 nəfər - 1000 manat

II yer - 1 nəfər - 800 manat

III yer - 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat

Müsabiqə mükafatçılarının adları 20 iyul 2019-cu ilədək açıqlanacaq.

Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Müsabiqəyə 10 aprel 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.

Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd:

Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.

Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi(nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.

Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.

Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.

Təqdimatda yer almalıdır:

Müsabiqə yazısı ("Word" faylında, imzasız);
Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.

Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 10 aprel 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.

Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Əlaqə telefonu:

(012) 441 35 30

(055) 201 99 26

(012) 498 77 53 (1820/1824)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti