Bakı. Trend:
Azexport.az internet portalı vasitəsi ilə xam tütün məhsulları üzrə daxil olan sorğularda artım müşahidə olunur. 2019-cu ilin başlaması ilə əksər dünya ölkələrində xam tütün məhsullarının aksiz vergilərinə 20-45%-lik artım tətbiq olunub. Bu da öz növbəsində istehsalçıları məhsulların maya dəyərinin qorunması məqsədi ilə xammal alışı üçün yeni bazarlar axtarışına vadar edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli sərəncamı ilə təsdiq edilən 2017–2021-ci illər üçün Dövlət Proqramı qəbul olunub. Hazırda uğurla icra olunan Dövlət Proqramının həyata keçirilməsində başlıca məqsədlərdən biri də Azərbaycanda xam tütün məhsulunun istehsal həcmini artıraraq, xarici bazarlara daha çox məhsulun ixrac olunmasına nail olmaqdır. Bu məqsədlə Dövlət Proqramında qarşıya qoyulan hədəflərdən biri kimi 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2016-cı ildə ümumilikdə ölkə ərazisində istehsal olunan 3,5 min ton xam tütün məhsulunun 2,2 min tonu ixrac olunub, 2018-ci ildə isə istehsal olunan 6,3 min ton xam tütün məhsulunun 4,1 min tonu ixrac olunub.