Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan ərazisində 2019-2020-ci illərin ov mövsümü iyunun 1-dən açıq elan edilib, lakin mövsümün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir:
"Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl emədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk.
Qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir. Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov deyib ki, Azərbaycanın “Qırmızı kitab”ına və Beynəlxalq Qırmızı Siyahıya adları düşmüş quş və heyvanların ovuna icazə verilmir.
Quşlardan turac, ərsindimdik, fısıldayan qu, qızılqaz, talış qırqovulu, mərmər cürə, bəzgək, dovdaq, Qafqaz uları, tetra, heyvanlardan ceyran, maral, cüyür, köpkər, qarapaça, qonur ayı, bəbir və digərlərinin ovu qadağandır.
Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə qaban (çöl donuzu) Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı, dağıstan turu Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz, dovşan Şabran, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı rayonlarının müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında, vəhşi quşlar- yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində ovlana bilər.