...

Azərbaycan Tələbə-Könüllülərinin Forumu keçirilib

Cəmiyyət Materials 10 Dekabr 2019 19:19 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Tələbə-Könüllülərinin Forumu keçirilib.

Trend-in məlumatına görə, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdir. Forum Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

Tədbirdə tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, ölkənin dövlət siyasətininin mühüm hissəsini gənclər siyasəti təşkil edir.

Ölkədə gənclərin inkişafı ilə bağlı müxtəlif layihələrin icra edildiyini bildirən E.Babayev gənclər siyasəti sahəsində görülən işlərdən danışıb.

Təhsil naziri Ceyhun Bayramov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

C.Bayramov bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən C.Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. Nazirin sözlərinə görə, “Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.

“Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində “Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub. Həmçinin, ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.

Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti