...

Bəxtiyar Əliyev: Azərbaycanda könüllülük hərəkatı çox geniş yayılıb

Cəmiyyət Materials 14 May 2020 18:02 (UTC +04:00)
Bəxtiyar Əliyev: Azərbaycanda könüllülük hərəkatı çox geniş yayılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda könüllülük hərəkatı çox geniş yayılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə könüllülər bu gün Azərbaycanda çox geniş fəaliyyət göstərirlər.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları öz fəaliyyətlərini genişləndirmək məqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yaradıb və öz fəaliyyətlərini daha aktiv şəkildə davam etdirirlər:

“Koronavirus infeksiyasının yayıldığı bir dönəmdə könüllülərin fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki insanlar özünütəcrid şəraitində yaşayırlar və bu şəraitdə yaşayanlar arasında qocalar, tənha insanlar var, eyni zamanda aztəminatlı insanlara da könüllülər vasitəsilə dövlət tərəfindən çox böyük köməkliklər göstərilib.

Belə ki, “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha və ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə, fiziki məhdudiyyəti olan şəxslərə baş çəkib, gündəlik tələbat məhsullarından ibarət bağlamalar çatdırıb.

Eyni zamanda aprelin 8-də başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində də Azərbaycanın geniş sayda rayon və şəhərlərində könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylanıb və ehtiyacı olan şəxslərə köməklik göstəriblər.

Könüllülərin bu fəaliyyəti əhali tərəfindən çox yüksək qiymətləndirilir və dövlət başçısına minnətdarlıq ifadə olunur. Bu humanitar aksiyanın həyata keçirilməsi vaxtilə könüllülər hərəkatına dövlət tərəfindən verilən böyük əhəmiyyətin nəticəsidir”.

Komitə sədri vurğulayıb ki, könüllülərin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də koronavirus infeksiyası səbəbindən yaranan qan qıtlığının aradan qaldırılması ilə bağlıdır: “Bildiyiniz kimi, ölkəmizdə karantin rejimi tətbiq edildiyindən qan qıtlığı yaranmışdı və qana ehtiyacı olan insanların həyatı təhlükə altında qalmışdı. Bu istiqamətdə könüllülər tərəfindən çox mühüm aksiyaya start verildi. Belə ki, 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verdi. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etdilər”.

B.Əliyev vurğulayıb ki, könüllülük fəaliyyəti bununla yekunlaşmır: “Onlar maarifləndirmə işlərində də yaxından iştirak edirlər. Bütün bunlar onu göstərir ki, ölkəmizdə könüllülük fəaliyyəti geniş vüsət alıb və könüllülər çətin zamanda insanlarımıza böyük köməklik göstərməyə qadirdirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti