...

İqtisadiyyat Nazirliyi koronavirusla əlaqədar bəzi dərmanların qiymətinin artmasına münasibət bildirib (ÖZƏL)

Cəmiyyət Materials 5 Avqust 2020 12:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İqtisadiyyat Nazirliyi koronavirusla əlaqədar Azərbaycanda deksametazon, arbidol, anaferon və s. dərmanlara olan tələbatın artması səbəbindən baş verən qiymət artımına münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Dərman vasitələri haqqında” Qanuna əsasən, Tarif (qiymət) Şurası tərəfindən yalnız dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri tənzimlənir. Qiymət hesablanarkən dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması, qablaşdırmadakı miqdarı, istehsal ölkəsi nəzərə alınır və qanunvericiliyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərə uyğun satılmalıdır.

Dərman vasitələrinin üzərində qiymətin göstərilməməsi, tənzimlənmiş qiymətlərdən fərqli qiymətə satılması və ya qiymətləri tənzimlənmədən satılması qiymət intizamının pozulmasıdır və İnzibati Xətalar Məcəlləsində belə hallara yol verən əczaçılıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur.

Belə hallarla rastlaşdıqda, İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunması tövsiyə olunur:

"İndiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib (http://tariff.gov.az/documents/DVA.pdf). Dövlət qeydiyyatına alınanmaqla, “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş və qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələrinin qiymətləri ilə göstərilən ünvanda tanış ola bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti