...

Cəbrayıldan olan köçkün: Oraya bu saat ayaqyalın gedərəm (VİDEO)

Cəmiyyət Materials 6 Oktyabr 2020 12:42 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

“Dövlətimizdən də, Prezidentimizdən də çox razıyam. Cəbrayıl rayonunun bir çox kəndləri və Cəbrayıl şəhəri işğaldan azad edildikdən sonra sevinc göz yaşlarından gecə səhərə qədər yatmamışam”.

Trend-in məlumatına görə, bunu Cəbrayıldan olan məcburi köçkün Musa Ağakişiyev doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun bir çox kəndləri və Cəbrayıl şəhəri işğaldan azad edildikdən sonra öz təəssüratlarını "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəyə bildirərkən söyləyib.

O, işğal altında olan torpaqların geri alınmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:

“Bu xəbərdən sonra nə qədər dost-tanış var, hamısı zəng edib, telefonlarımız susmayıb. Rusiyadakı qardaşım neçə dəfə zəng edib, soruşur ki, Cəbrayıla gedirsən? Deyirəm ki, bu saat ayaqyalın gedərəm. O torpaqda biz doğulub boya-başa çatmışıq. Yaxşı təsərrüfatımız, şəraitimiz var idi”.

Cəbrayıldan olan digər məcburi köçkün Suğra Ağakişiyeva 1993-cü ildə rayondan çıxarıldıqlarını söyləyib:

“Ermənilər bizi mühasirəyə aldığı üçün Araz çayından keçmək məcburiyyətində qalmışdıq. Gərək o zaman da belə bir çəkiliş olardı və bunun tarix olduğunu görərdilər. Bu mənfur, faşist ermənilər böyüyə, kiçiyə baxmadılar, hər şeyimizi, evlərimizi yandırdılar. Çox çətin günlər yaşadıq. Amma bu gün mən Cəbrayıl rayonunun alınmasına görə sevinc göz yaşları axıtmışam, çox təsirlənmişəm. Mən Prezident İlham Əliyevə çox minnətdaram. Azərbaycan xalqı olaraq, çox xoşbəxtik ki, bizim belə bir Prezidentimiz var. O, bizə düşmən olan ölkələri də öz yerində oturtmaqla bu işi gördü. Əsgərlərimizə, Ordumuza minnətdaram. Şəhid olan oğullarımıza Allah rəhmət eləsin, yaralılara Allah can sağlığı versin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti