...

Şuşa nəinki Azərbaycanın, ümumilikdə Qafqazın mədəniyyət mərkəzinə çevriləcək - Alim

Cəmiyyət Materials 3 Fevral 2021 09:38 (UTC +04:00)
Şuşa nəinki Azərbaycanın, ümumilikdə Qafqazın mədəniyyət mərkəzinə çevriləcək - Alim

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Ermənistan tərəfindən vaxtilə işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməklə təkcə tarixi və hüquqi ədaləti bərpa etməyib, həm də bölgəyə mədəniyyəti, inkişafı və tərəqqini yenidən qaytarmağı hədəfləyib.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, görüləcək işlər, həyata keçiriləcək layihələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini təhlil etdikdə əminliklə söyləmək olar ki, Şuşa nəinki Azərbaycanın, ümumilikdə Qafqazın mədəniyyət mərkəzinə çevriləcəkdir. Şuşa şəhərinin XIX əsrin ikinci yarısı – XX əsrdə mövcud olmuş Qafqazın mədəniyyət beşiyi, konservatoriyası kimi mənəvi statusları özünə qaytarılacaqdır.

E.Kəlbizadə hesab edir ki, 2022-ci ildə qala şəhər kimi 270 illik yubileyini qeyd edəcəyimiz Şuşanın həm də Türk dünyasının mədəniyyət paytaxtı, İslam mədəniyyətinin paytaxtı elan edilməsi də arzuolunandır:

"Tarixə nəzər salsaq, görərik ki, XIX əsrdə Şuşa şəhəri Qafqazın və Yaxın Şərqin mühüm ticarət mərkəzlərindən biri olmaqla müxtəlif mədəniyyətlərin ünsiyyət – dialoq məkanına çevrilmişdi. Şuşanı Yaxın Şərq ölkələri ilə birləşdirən, Xudafərin körpüsünə doğru uzanan “Molla Nəsrəddin yolu”, şəhəri şimal və qərb ölkələri ilə birləşdirən Gəncə şəhərinə doğru uzanan Kuhrad və ya Dağ yolu müxtəlif ölkələrdən gələn tacirlərin, səyyahların istifadə etdikləri əsas marşrutlar olmuşdur. XIX əsrdə şəhərdə 10-dan artıq karvansaranın (“Hacı Abbas”, “Qatırçı Murad”, “Mirsiyab oğlu”, “Bazar”, “Xanlıq” və s. ) fəaliyyət göstərməsi şəhərin bu baxımdan əhəmiyyətini göstərir. O dövrdə Şuşanın Təbriz, Tehran, İsfahan, Leypsiq, Marsel, Moskva kimi şəhərlərlə ticarət əlaqələri haqqında mənbələrdə məlumatlar əksini tapmışdır. Şuşa tacirlərinin Nijeqorod, İstanbul, Leypsiq yarmarkalarında iştirakları barədə məlumatlar vardır. Şuşa həm də xalçaçılıq və ipəkçilik mərkəzi kimi şöhrət tapmışdı. Rus müəlliflərindən biri “Qafqaz” qəzetinin 1857-ci ilin iyulunda çıxan nömrələrindən birində Şuşa xalça ticarəti barədə maraqlı məlumatlar vermişdi. XIX əsrin II yarısında Şuşada 10-a yaxın məktəb fəaliyyət göstərirdi. Hələ XIX əsrin 30-cu illərindən etibarən burada üçsinifli qəza məktəbi fəaliyyət göstərməyə başlamışdı.

XIX əsrdə Şuşada tikinti quruculuq işləri geniş vüsət almış, türk-müsəlman ruhunu daşıyan şəhərdə həm də Şərq memarlıq məktəbləri ilə yanaşı Avropa memarlığının bəzi xüsusiyyətlərini özündə əks etdirən tikililər inşa edilmişdi. Məhz bunun nəticəsi idi ki, Şuşanı bəzən “Kiçik Paris”, “Şərqin Parisi” də adlandırırdılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti