...

Bakı Avropa Liseyinin ölkə təhsilinin inkişafına çox böyük töhfələri olub - Zülfiyyə Veysova

Cəmiyyət Materials 17 Fevral 2022 15:05 (UTC +04:00)
Bakı Avropa Liseyinin ölkə təhsilinin inkişafına çox böyük töhfələri olub - Zülfiyyə Veysova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Avropa Liseyi 1991-ci ilin sentyabr ayından fəaliyyət göstərir. 30 il ərzində lisey həmişə Azərbaycan təhsilinin flaqmanı kimi çıxış edib. Çünki bu lisey istedadlı uşaqlar üçün xüsusi innovativ məktəb kimi yaradılıb və Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan dövlət məktəbi kimi 30 il ərzində inkişaf edib.

Bu fikirləri Trend-in suallarını cavablandırarkən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova bildirib.

O qeyd edib ki, post-sovet məkanında ilk dəfə Bakı Avropa liseyində ən mühüm pedaqoji -psixiloji yanaşmalar tətbiq olunub. Sonradan bu cür innovasiyalar respublikanın təhsil islahatında öz əksini tapıb.

"Lisey yaranan dövr çox ağır bir zaman idi. Çətin bir şəraitdə bu liseyi yaradarkən Azərbaycanın gələcəyini düşünürdük. Ölkəmizin müstəqil dövründə intellektual təbəqə vacib olacaqdı və biz bu təbəqəni lisey sayəsində yaratmağa başladıq. 30 il ərzində bu nəticəyə nail ola bildik. Bizim məzunlarımız ən reytinqli universitetlərinin tam təqaüdlü tələbələri olublar. Liseyin şagirdləri, həmçinin xarici ölkələrdə keçirilən olimpiadalarda qalib olurlar. Biz bununla Azərbaycanın da adını yüksəldirik. Bakı Avropa Liseyinin ölkənin təhsilinin inkişafına çox böyük töhfələri olub. İlk növbədə, qeyd etmək istərdim ki, lisey Azərbaycan təhsilində yeni ənənələrin təşəbbüskarı kimi tanınır. Misal üçün, şəxsiyyətə yönəlmiş tədris yanaşması 1991-ci ildən liseydə tətbiq olunur. Daha sonra məktəbin idarəçiliyində demokratik metodlar mühüm bir məsələdir ki, biz ilk dəfə Azərbaycanda valideyn-müəllim assosiyasiyasını yaratdıq", - deyə o əlavə edib.

Z.Veysova, həmçinin bildirib ki, Bakı Avropa Liseyi elektron məktəb kimi tanınır.

"Elektron məktəb layihəsi olmayanda biz ilk dəfə 90-cı illərdə artıq İKT texnologiyalarını tədris prosesində istifadə etməyə başladıq. Bizim liseyin şagirdləri vətənpərvər ruhda yetişdirilir. Onların bir qismi xaricdə təhsil alsalar da, bəzisi ölkəyə qayıdır, orada qalanlar isə daim ölkəmizin adını, bayrağını yüksəldir. Bizim məzunlarımız Azərbaycanın gələcəyini təmin edən mütəxəssislərdən ibarətdir. Məzunlarımız arasında hazırda nazirlər, nazir müavinlərimiz var. Bütün bunları yaradan bizim müəllimlərimizdir. Doğrudan da onlar çalışırlar ki, öz biliklərini şagirdlərə ən yüksək səviyyədə çatdırsınlar. Bəzən şayiələr yayılır ki, Bakı Avropa liseyinə qəbul prosesi çox çətindir. Lakin bildirmək istəyirəm ki, lisey 30 il ərzində çox demokratik üsulla istedadlı uşaqları seçir. Hər bir uşağa fərdi yanaşma tətbiq olunur və biz hər il bunun üzərində çalışırıq. Lisey çox çətin bir zamanda yaradılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən bizim arzuladığımız, müasir tələblərə cavab verən tədris binası inşa edilib bizə verildi. Bu il bizim üçün çox xoşbəxt bir ildir, çünki liseyin 30 illiyi ölkəmizin qələbə qazandığı bir ilə təsadüf edir",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti