...

Mərkəzi Gömrük Hospitalının həkiminin məqaləsi xarici nəşrlərdə dərc olunub

Cəmiyyət Materials 15 Aprel 2022 14:50 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının həkiminin məqaləsi xarici nəşrlərdə dərc olunub

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva tibb elmləri üzrə doktorluq dərəcəsi almaq üçün “Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

Dr.Aynur Səfiyevanın üzərində çalışdığı dissertasiya işi kolorektal cərrahiyyəni əhatə edir. Dünya təcrübəsində yoğun və düz bağırsaq patologiyalarından bəhs edən bu sahədə ən çox rast gəlinən xəstəlik yoğun və düz bağırsağın bədxassəli xəstəlikləridir. Dr.Aynur Səfiyeva elmi işində bu xəstəliklərin qarşısının alınması yollarını araşdırıb.

Dr.Aynur Səfiyeva müntəzəm olaraq yerli və xarici elmi nəşrlərdə məqalələr dərc etdirir. Bu yaxınlarda məşhur “Springer” nəşriyyatının yenicə çapdan çıxmış “Anal fistula və abses” adlı kitabında onun yazdığı bir paraqraf yer alıb. Bu paraqrafda müəllif anal fistulaların lazerlə müalicəsində yenilənmiş diaqnostik prosedurları, üsulları və göstəriciləri təqdim etmişdir.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyeva Avropa Koloproktoloji Dərnəyinin Şərq ölkələri üzrə regional təmsilçisidir. Hazırda o, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Əlaqələndirmə Şurasında İşçi Qrupun elmi katibi vəzifələrində çalışır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla bütün kollektiv bu münasibətlə Dr.Aynur Səfiyevanı ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar diləyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti