...

Bakı metropoliteni “Teknofest”lə bağlı iş rejiminə dəyişikliklər edəcək

Cəmiyyət Materials 25 May 2022 14:15 (UTC +04:00)
Bakı metropoliteni “Teknofest”lə bağlı iş rejiminə dəyişikliklər edəcək

Bakı. Trend:

Türkiyənin “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının 2022-ci il may ayının 26-29-u aralığında ilk dəfə Azərbaycanda keçirilməsi və bu tədbirlərə xüsusi marağı nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində də müvafiq dəyişikliklər ediləcək.

Metropolitendən Trend-ə verilən məlumata görə, “Teknofest Azərbaycan” tədbiri, əsasən, "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçiriləcək. Bu səbəbdən Bakı metropoliteninin “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyalarının gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər ediləcək. Tədbirlə əlaqədar bu stansiyalarda əlavə işçi personalı ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.

Festival iştirakçılarının və izləyicilərinin rahatlığını təmin etmək məqsədilə tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb.

Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı tərtib edilib.

“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən günlərdə qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.

Festivalın təşkilat komitəsi ilə əldə olunmuş qarşılıqlı razılıq və əməkdaşlıq planına əsasən tədbirlərin keçiriləcəyi günlərdə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metropolitençilərlə birlikdə sərnişinlərə gediş haqqının ödənilməsi, istiqamət və səmtin müəyyənləşdirilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti