Bakı. Trend:
Səhiyyə Nazirliyinin təşkilatı dəstəyi ilə Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klass keçib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Birincili baş ağrılarının differensial diaqnostikası və menecmenti” mövzüsunda çıxış edən professor Məsud Aşina bu sahəyə dair əldə olunmuş beynəlxalq təcrübələrini təlim iştirakçıları ilə bölüşüb. Diqqətə çatdırılıb ki, baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəbi sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində baş ağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir.
Professor vurğuladı ki, Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, sefalgiyanı 4 növə ayırmaq olar: miqren; gərginlik tipli baş ağrısı; klaster baş ağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn baş ağrısı. Bildirilib ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.
Çıxışının sonunda professor Məsud Aşina baş ağrılarının düzgün
müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı,
dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin
zəruri olduğunu qeyd etdi.
Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda
yaşasa da, doğma Vətənini heç vaxt unutmayıb, diasporamızla sıx
əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Bundan
əlavə, ötən ilin avqust ayında tanınmış mütəxəssis Harvard
Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində
yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina və Kopenhagen
Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi
Xəqan Aşina ilə birlikdə Bakı Sağlamlıq Mərkəzində üçgünlük
planlaşdırılmış, şikayəti olan Vətən müharibəsi iştirakçılarının
tibbi müayinə və müalicələrini aparıblar.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib.