Bakı. Trend:
Ehtiyac meyarı və yaşayış minimumu ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan indikatorlardır. Ehtiyac meyarı və yaşayış minimumunda artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin də 30% artımına şərait yaradacaq və orta hesabla bir ailəyə düşən ünvanlı sosial yardım 500 manatın üzərində olacaq.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Babayev bildirib ki, bu da həm cari ildə olan ümumi inflyasiyasının, həm də ərzaq inflyasiyasının qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, gələn ildən yaşayış minimumu və ehtiyac meyarı 246 manat məbləğində müəyyən ediləcək. Bu rəqəm cari ildə 200 manatdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.