Bakı. Trend:
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova nazirliyin sosial media hesablarına baş ağrıları ilə bağlı gələn sualları cavablandırıb
- Mərziyə xanım, ilk öncə bilmək istərdik ki, müraciət edən xəstələr ən çox hansı növ baş ağrılarından şikayətlənirlər?
- Bəlkə də dünyada elə insan yoxdur ki, həyatında heç olmasa bir dəfə başı ağrımasın. Əsasən baş ağrıları başın birtərəfli, yaxud ikitərəfli nəbzvari, deşici ağrısı ilə, başın gicgah, təpə, ənsə nahiyyələrində olan sıxıcı, basıcı ağrıları, başın üz nahiyyəsində olan müxtəlif xarakterli ağrılar ilə, eləcə də, ürəkbulanma, başgicəllənmə, halsızlıq, iylərə, işığa, səsə qarşı həssaslıq şikayətləri ola bilər. Bu şikayətlərə və ətraflı anamnezə (xəstəlik tarixçəsi) əsasən baş ağrı üzrə ixtisaslaşmış nevroloqlar düzgün diaqnoz qoya bilər. Bəzən baş ağrıların səbəbi olmur, burda bir çox ətraf mühit və yaxud genetik faktorlar rol oynaya bilər. Belə baş ağrıları birinci baş ağrıları adlanır. Bu diaqnozu təsdiq etmək üçün nevroloq mütləq müvafiq instrumental və laborator müayinə metodlarını seçə bilər ki, bu zaman ikincili səbəblər, yəni ikincili baş ağrısı inkar edilsin. Amma pasientlər unutmamalıdır ki, baş ağrısı müayinə və müalicə tələb edən ayrıca bir xəstəlikdir.
- Baş ağrıları hansı xəstəliklərin simptomları ola bilər?
- Birincili baş ağrısının ən sıx yayılmış növü gərginlik tipli
baş ağrıları, miqren və müxtəlif sefalalgiyalardır. Gərginlik tipli
baş ağrılarının əsas simptomları kəllənin ətrafında yayılmış
basıcı, sıxıcı ağrılardır, onlar adətən ümumi məişət aktivliyinə
çox təsir etmir. Miqren baş ağrılarının isə aura ilə müşayət olunan
və olunmayan növləri var. Aura adətən baş ağrılarından öncə başlaya
və qısa müddətdən sonra baş ağrısına keçə bilər. Bu zamanı
pasientlərin gözlərində qığılcımlar, parlaq işıqlar, qoxu və səs
hallüsinasiyaları, üzdə və ətraflarda qarışqa gəzintisinə bənzər və
keyləşmə kimi hissiyat pozuntuları müşahidə edilir. Miqren zamanı
baş ağrı yüngüldən çox şiddətli ağrılara qədər arta bilər. Davamlı,
yaxud tutma şəkilli, bəzən isə günlərlə çəkə bilər. Dayanmadan olan
baş ağrıları “miqreniz status” adlanır və təcili tibbi yardım tələb
edir.
Sefalalgiyalar zamanı deşici və həddən artıq şiddətli ağrılar ola
bilər və pasientə əzab verə bilər.
- Miqrenin yaranma səbəbi nədir və xəstəliyin müalicəsi varmı?
- Hazırda miqrenin tam yaranma səbəbinin araşdırlması üzərində
aktiv tədqiqatlar gedir. Ən çox yayılmış nəzəriyyələrdən biri beyin
damarların spazmı ilə əlaqəli olduğuna əsaslanır. Əlbəttə ki, irsi
meyillilik mövcuddur, xüsusilə qadınlar arasında daha çox rast
gəlinir. Bu səbəbdən valideynlər əgər baş ağrılardan əziyyət
çəkirsə, yüksək ehtimal ilə onların övladlarında da hansısa bir baş
ağrı növü qeyd edilə bilər.
Baş ağrılarının müalicəsində medikamentoz müalicə ilə yanaşı həm də
qeyri-medikamentoz müalicə üsullarından da istifadə olunur.
Qeyri-medikamentoz müalicə üsulunda əsasən həyat tərzinin
dəyişdirilməsi tövsiyə olunur. Belə ki, sağlam həyat tərzinin
formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin,
xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, normal yuxu
rejiminin böyük təsiri var.
Medikamentoz müalicə isə kəskin baş ağrılarının idarəedilməsi və
preventiv metodlardan ibarətdir. Kəskin baş ağrıları zamanı
müxtəlif ağrıkəsicilərdən istifadə edilir. Bunlardan əksəriyəti
reseptsiz buraxıldığı üçün pasientlər asanlıqla apteklərdən əldə
edə bilirlər. Pasientlərdə ağrılar dözülməz olduğu təqdirdə onlara
preventiv müalicə təyin edilir. Burada xüsusi və yalnız reseptlə
buraxılan dərmanlar qeyd olunur.
- Dəyişkən hava şəraiti baş ağrısına səbəb ola bilər?
- Meteohəssaslıq adlanan bu vəziyyət ümümi mərkəzi sensitivlik sindromlarına aiddir. Bu sindromlar siyahısına həmçinin miqren ağrıları da aiddir. Bu zaman sindromdan əziyyət çəkənlərdə normadan artıq həssaslıq müşahidə olunur. Eyni zamanda, müxtəlif qıcıqlar, ətraf mühitdə baş verən dəyişikliklər və stresə qarşı reaksiya çox olur
- Bəzən insanlar baş ağrısı üçün aptekdə olan adını belə bilmədikləri ağrıkəsiciləri alıb içirlər. Bu nə dərəcə də doğrudur?
- Bu, tamamilə yanlış addımdır. Çünki həkim təyinatı olmadan
satılan dərmanların həddindən artıq istifadəsi əslində əks təsirə
səbəb ola bilər. Yəni, baş ağrıları daha da güclənə bilər. Belə
pasientləri müalicə etmək çətindir, çünki onlar minimal ağrı belə
olanda dərhal dərman alıb içirlər. Lakin əsas diqqət yetirməli
olduqları səbəbləri isə aradan qaldırmırlar.
Belə pasientlər mütləq maarifləndirilməli və preventiv uzunmüddətli
müalicəyə alınmalıdılar. Əlbəttə ki, həkimin tövsiyələrinə riayət
edən şəxslərdə uzunmüddətli remissiya əldə etmək olur və ağrıların
intensivliyi, şiddəti azalır, yaxud uzun illər özünü biruzə
vermir.