...

AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 16 Mart 2023 10:07 (UTC +04:00)
AHİK-də “Qəhrəman təhsil işçiləri” kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə çap olunmuş “Qəhrəman təhsil işçiləri” kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, “Yaşat” Fondunun İdarə Heyətinin üzvü Şair Ramaldanov və müharibə iştirakçısı olmuş təhsil işçilərinin iştirak etdiyi tədbirdə əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçilərinin xatirəsinə həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı: “Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi. Müzəffər Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Düşmən məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı. Nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə birdəfəlik son qoyuldu”.

AHİK sədri qeyd edib ki, Vətən müharibəsində 760 nəfərdən çox təhsil işçisi döyüşlərə qatılıb: “Onlardan 21 nəfəri şəhid olub. Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman uca tutacaq”

Onun sözlərinə görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən tərtib olunan “Qəhrəman təhsil işçiləri” kitabı ikinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunub: “Hesab edirəm ki, bu kitabın çap edilməsi döyüşlərdə həlak olmuş şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi baxımından faydalı olacaq”.

Sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov, polkovnik Şair Ramaldanov və başqaları çıxış edərək Ordumuzun şücaətindən, gənclərimizin vətənpərvərliyindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti