...

Xətai rayonunda tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 16 İyun 2023 15:55 (UTC +04:00)
Xətai rayonunda tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi (FOTO)

Bakı. Trend:

İyunun 16-da Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 17 İyun- Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Vüqar Rəhimzadə Azərbaycanın möhkəm təmələ əsaslanan sosial-iqtisadi inkişafından geniş bəhs edərək səhiyyə sistemində yenilikləri, təkmilləşməni bunun bariz nümunəsi kimi diqqətə çatdırdı. Müasir çağırışlara uyğun olaraq tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin sağlamlığının yüksək səviyyədə təmin edilməsi üçün lazımi şəraitin yaradılması, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə Müalicə- Diaqnostika mərkəzlərinin yaradılması və sair kimi mühüm addımlar Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Bir mühüm məqamı nəzərə alsaq ki, dövlətin siyasətində insan amili prioritetdir, bu halda digər istiqamətlərdə olduğu kimi, səhiyyədə də vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi özünü aydın şəkildə nümayiş etdirdiyini görərik. Atılan hər bir addım Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara uyğun inkişafına, dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiyasına geniş zəmin yaradır.

YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən hər il iyunun 17-si Azərbaycanda Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Dahi şəxsiyyətin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurla həyata keçirdiyi islahatlar tibb sahəsində də özünün aydın ifadəsini tapdı. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf dövrünü yaşayır. Səhiyyə sahəsində bir sıra mühüm layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusi qeyd etməliyik.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev qeyd etdi ki, ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları , bu sənədlər əsasında tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin uğurlu inkişafının davamlılığından xəbər verir. Sağlamlığımızın keşiyində dayanan həkimlərə dövlətin diqqət və qayğısı göz önündədir. Bunun üçün təkcə dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda dövlətin həkimlərə qayğısına diqqət yetirmək kifayətdir. Azərbaycanın bu qlobal bəlaya qarşı mübarizəsi həm səhiyyəmizin inkişafının, həm də yüksək ixtisaslı həkim heyətinin mövcudluğunun təsdiqidir.

Rafiq İsayev onu da əlavə etdi ki, səhiyyədə aparılan uğurlu islahatlar əhalinin sağlamlığının təminatına, onların xaricə üz tutmadan ölkə daxilində yüksək səviyyədə müayinəsinə və müalicəsinə hesablanıb. Azərbaycanda müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuş yüzlərlə səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi ölkəmizdə insanların sağlamlığına göstərilən diqqətin bariz nümunəsidir.

Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirdi ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır.

“Referans Medikal Qrup”un direktoru Elgiz Dadaşov koronavirus infeksiyası ilə mübarizə dövründə atılan addımların fonunda Azərbaycanın iqtisadi tərəqqisinə uyğun olaraq səhiyyəsinin sürətli inkişafından bəhs etdi. Bildirdi ki, pandemiya dönəmində virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibbi avadanlıqlar və ləvazimatlar ölkəyə gətirildi. Hazırda testlərin aparılması üçün ölkədə çoxsaylı laboratoriya fəaliyyət göstərir. Koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı, həkimlərimizin bacarığı və fədakarlığı bir daha sübut olundu.

8 saylı şəhər poliklinikasının baş həkimi Nuriyyə Tağıyeva dövlətin səhiyyə işçilərinə diqqət və qayğısından geniş bəhs etdi, qalib Azərbaycanın hər bir sahədə təcrübəsinin nümunə olduğunu bildirdi.

Sonda bir qrup tibb işçisinə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının həyatında fəal iştiraklarına görə Fəxri fərmanlar təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti