Bakı. Trend:
Fövqəladə hadisələr zamanı birlik çox önəmlidir. Türk dövlətlərinin birgə əməkdaşlıqları vacib addımdır.
Trend-in məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, təbii fəlakət və fövqəladə halların idarə edilməsi ilə bağlı işlər görülür:
"İndiyə qədər işçi qrupların altı iclası keçirilib. Hazırda məqsəd təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası keçirilir.