Bakı. Trend:
Dövlət satınalmaları yenilənməlidir. 50 il bundan öncəki qaydalar effekt vermir. Pandemiya dövrünü nəzərə alsaq, peyvəndlərin satın alınması prosesinə yeni qlobal strategiya tətbiq edilmişdi. Kollektiv bilik və kollektiv əməkdaşlıqların şahidi olduq.
Trend xəbər verir ki, bu fikirləri UCL-nin (University Collage London) İnnovasiya İqtisadiyyatı və İctimai Dəyər üzrə professoru Mariana Mazzucato deyib.
O bildirib ki, satınalmalarda müxtəlif ölkələrin biliklərinin bölüşülməsi önəmlidir.
"Buna nail olmaq üçün hökumət aşağıdan yuxarıya doğru strategiyaya dəstək verməlidir. Dünyada mənzil və evlərin qiymətləri sahəsində tendensiya nəzərdən keçirilməlidir. Biz ev və mənzil fonduna hər bir ölkənin iqtisadi göstəricisi kimi baxırıq.
Bundan başqa, görülən tədbirlər zamanı karbon qazının tullantılarının azaldılması haqqında qərarlar da nəzərə alınmalıdır. Bazardakı tələb və təkliflər də göz önündə saxlanılaraq, ekspertlərin məsləhətləri dinlənilməlidir. Təbii ki, bu sahədə maliyyələşdirməyə gərək var. Dəyər ətrafında qərarları, demokratik sistemləri, innovasiyalara vətəndaşların cəlb edilməsi də gözdən keçirilməlidir", - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.