Bakı. Trend:
Bakının Yasamal rayonu, Yeni Yasamal 1, Dairəvi meydan ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qarayev Vəli Ənvər oğluna məxsus “Bərdə” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
İctimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin etiket məlumatları, minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədləri olmayan qida məhsulları aşkarlanıb.
Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.