Bakı. Trend:
Azərbaycanda əhalinin istehlak səbətində ərzaq məhsullarının payı yüksəkdir. Fərqli illərdə biz statistikaya baxsaq, vətəndaşlarımızın gəlirlərinin təxminən 70 faizə qədəri ərzaq məhsullarının alınmasına yönəldilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, bunun fərqli səbəbləri var və səbəblərdən biri Azərbaycanda adambaşına düşən istehlak payının region ölkələri ilə müqayisədə çox olmasıdır.
“Eyni zamanda, istehlakda ət və ət məhsullarına üstünlük verilməsi də ümumi xərcə təsir göstərir. Digər məsələ qiymətlərlə bağlıdır, ərzaq məhsullarının qiyməti qeyri-ərzaq məhsullarının qiymətindən daha yüksəkdir. Çünki qlobal səviyyədə ərzaq məhsullarının inflyasiyası daha yüksək olub. Qiymətlərin artması ümumi istehlak payına da təsir göstərir. Ərzaq məhsullarının qiyməti artdıqca, bu istiqamətdə xərclənən vəsaitlərin həcmini də artırır”, - deyə deputat əlavə edir.
Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarına sərf olunub. Həmin dövrdə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən, 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.