Bakı. Trend:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə təklif edilən 281-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, daşıma və ya gəzdirmə 5 ilədək müddətdən azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacaq.
Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 5 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə, həmin əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədilikdə 7 ildən 12 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.