...

ADA Universitetində 10-cu Bahar Gənclik Festivalı keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Mart 2024 11:01 (UTC +04:00)
ADA Universitetində 10-cu Bahar Gənclik Festivalı keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Artıq 10-cu ildir ki, ADA Universitetində Bahar Gənclik Festivalı keçirilir.

ADA Universiteti Fondunun və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində keçirilən bu Festival ADA Universitetinin ənənəsinə çevrilib.

Martın 15-i keçirilən 10-cu Bahar Gənclik Festivalı öz ənənəsinə sadiq qalaraq yerli və xarici tələbələri, professor-müəllim və işçi heyətini bir araya gətirib.

Yazın gəlişinin qeyd olunduğu Festivalda bahara həsr olunan və milli geyimlərimizdən, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələrindən ibarət sərgi təşkil edilib. Tədbir iştirakçıları, həmçinin musiqi sədaları altında, dicey Çinanın və sürpriz qonaq Sultan Hüseynin zərb alətlərindəki ifası ilə əyləncəli vaxt keçiriblər.
Tədbiri daha da yaddaqalan edən ADA Universiteti tələbələrinin və əməkdaşlarının səhnədə rəqsi, ifaları və “Ən yaxşı xonça” müsabiqəsi çərçivəsində təqdim etdikləri xonçaların qiymətləndirilməsi olub. Müsabiqənin qaliblərinə müxtəlif hədiyyələr təqdim edilib.

Bundan başqa, milli-mədəni dəyərlərimizin təbliğ edildiyi Festivalda ADA icmasının üzvləri Novruz bayramının qədim adət-ənənələrindən irəli gələn fərqli rituallarda, rəngarəng oyunlarda iştirak ediblər, Novruz şirniyyatlarını dadıblar.

Qeyd edək ki, “Coca-Cola” şirkəti ilə birgə təşkil edilən Bahar Gənclik Festivalı təhsil-özəl sektor tərəfdaşlığının uğurlu nümunələrindən birini təşkil edir.

Xəbər lenti

Xəbər lenti