Bakı. Trend:
Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, ermənilərin əsas məqsədi hərbçilərimizlə yanaşı, mülki əhalimizə qarşı da yönəlib.
"Onların əsas niyyəti vətəndaşlarımızın həlak olması və əzəli torpaqlarımıza qayıdışın ləngiməsi olub. Azad olunmuş torpaqlarda ölən və yaralananların statistikası artmaqda davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. İşğal dövründə torpaqlarımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb. Ermənistan torpaqlarımızda basdırdıqları minaların xəritələrinin olmadığını bildirirdi. Lakin mina xəritəsiz basdırıla bilməz. Amma sonradan xəritələri verməyə məcbur oldu. Təqdim edilən xəritələrin dəqiqliyi də çox azdır. Əgər ermənilərdə xəritə yoxdursa, torpaqlarımız onların işğalı altında olanda ermənilər niyə minaya düşmürdü? Səbəb aydındındır. Mina xəritələri onlarda var", - o deyib.
Ekspert qeyd edib ki, bəzi dövlətləri çıxmaq şərtilə, dünya birliyi ermənilərin ölkəmizə qarşı mina terroruna qarşı susur.
"İnsan haqlarından ağızdolusu danışan, dövlətlər və təşkilatlar Ermənistanın mina terroruna münasibət bildirməyiblər, mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırış etməyiblər. Bu da beynəlxalq hüquqa hörmətsizlikdir. İşğaldan azad olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərin mina və partlamamış sursatlardan təmizlənir. Bununla bağlı böyük işlər görülür. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır.
Fərmana əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. İşğaldan azad olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirilən mina təhlükəsi ilə bağlı fəaliyyətləri əlaqələndirmək, idarə etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur. ANAMA ilə yanaşı digər dövlət qurumları da ərazilərin minalardan təmizlənməsində yaxından iştirak edirlər", - deyə o qeyd edib.
Qeyd edək ki, ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir.