Bakı. Trend:
İtaliyada G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər COP29 ölkəsi kimi Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı 8 ölkədən 30 QHT imzalayıb. Onların içərisində Fransa QHT-sini və UNESCO-nu təmsil edən şəxslər də var.
Trend xəbər verir ki, bəyanatda deyilir:
“Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları dünya birliyini dayanıqlı gələcəyə doğru aparmaq kimi vacib missiya daşıyan, COP29 sədrliyini üzərinə götürən və tədbirə ev sahibliyi edən Azərbaycanı dəstəkləyirik.
Planetimizin üzləşdiyi iqlim dəyişmələri probleminin ekoloji
təsirləri ilə bağlı dərin narahatlıq keçirir və iqlim böhranını
aradan qaldırmaq üçün atılan hər bir addımı yüksək
qiymətləndiririk.
Azərbaycan dünya dövlətlərinə əməkdaşlıq, təcrübə mübadiləsi
aparmaq və alyanslar yaratmaq üçün platforma təmin edir, iqlim
dəyişmələrinin təsirlərini azaltmaq üçün kollektiv səylərin
təşviqində nümunəvi liderlik nümayiş etdirir.
Vətəndaş cəmiyyəti təşkilatları ilə konstruktiv qarşılıqlı
fəaliyyətə üstünlük verən Azərbaycan COP29-dakı müzakirələri
zənginləşdirəcək, inklüzivliyə töhfə verəcək və nəticədə Paris
Sazişinin məqsədlərinə çatmaq üçün kollektiv səyləri inkişaf
etdirəcək. Bu nailiyyət Azərbaycanın səmərəli çoxtərəfli
diplomatiya bacarığını nümayiş etdirir və onun gələcək nəsillər
üçün dayanıqlı gələcəyin formalaşmasında həlledici rolunu
vurğulayır.
İnanırıq ki, COP29 dövlətlər arasında əhəmiyyətli əməkdaşlığa töhfə
verəcək, iddialı vədləri artıracaq və konsensusa aparacaq.
Biz, COP29-a sədrlik edən Azərbaycan və dünyanın digər vətəndaş cəmiyyəti qrupları ilə iqlim dəyişmələrinin qarşısını almaq və planetimiz üçün gələcək vəd edən səylərimizlə həmrəylik üçün birləşirik”.
Xatırladaq ki, son vaxtlar nüfuzlu xarici QHT-lər COP29 ölkəsi kimi Azərbaycana ardıcıl dəstək bəyanatları yayır.
Bu günlərdə BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında iştirak edən xarici QHT-lərdən bir qrupu - 128 xarici QHT də Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində fəaliyyətini alqışlayan bəyanat (https://az.trend.az/business/green-economy/3897857.html) yaymışdı.
Bu bəyanatlar Azərbaycanın hamı üçün faydalı qlobal təşəbbüslərinin dünyada yüksək maraqla qarşılanmasını nümayiş etdirir.