...

Şəkili gənc doğum günündə ilk dəfə seçkidə iştirak edib

Cəmiyyət Materials 1 Sentyabr 2024 11:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Həyatında ilk dəfə səsvermədə iştirak edən Şəki rayonunun Qoxmuq kənd sakini Camalova Çinarə Nurməmməd qızı Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər günündə ikiqat sevinc hissi yaşayıb.

Trend xəbər verir ki, sentyabrın 1-də 18 yaşı tamam olan Çinarə Camalova səs vermək üçün 114 saylı Şəki şəhər seçki dairəsinin Qoxmuq kənd tam orta məktəbində yerləşən 32 saylı seçki məntəqəsinə gələrkən, xoş sürprizlə qarşılaşıb.

Dairə seçki komissiyasının nümayəndəsi Məmmədnuru Əzizov və 32 saylı məntəqə seçki komissiyasının sədri Bayram Şıxaliyev gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim ediblər.

Doğum gününün Milli Məclisə növbədənkənar seçkilər gününə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Çinarə Camalova təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: “Xoşbəxtəm ki, ad günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq”.

Çinarənin səs verdiyi məntəqədə 1407 seçici qeydə alınıb. Onlardan 18 nəfəri ilk dəfə səsvermədə iştirak edir. Ümumiyyətlə, 114 saylı Şəki şəhər seçki dairəsi üzrə ilk dəfə səs verən gənclərin sayı 587 nəfərdir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti