...

UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2024 16:09 (UTC +04:00)
UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Külenin başçılıq etdiyi nümayəndə heyəti, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.

Rektor professor Ədalət Muradov UNEC-ə göstərdiyi diqqətə görə Rəqabət Qurumunun rəhbərinə təşəkkürünü bildirərək, əməkdaşlığın əhəmiyyətindən söz açıb:

Keyfiyyətli təhsil qlobal əmək bazarına fokuslanmalıdırlar. Bu baxımdan Türkiyə Rəqabət Qurumu ilə imzalanacaq memorandum xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin rəqabət sahəsində biliklərinin artırılmasında, eləcə də gənc müəllimlərin təcrübələrinin genişləndirilməsində bu əməkdaşlıq mühüm rol oynayacaq.

Universitet olaraq, Türkiyə Rəqabət Qurumunun ehtiyac duyduğu sahələrdə təhsil verməyi də nəzərdə tutmuşuq. Əminəm ki, əməkdaşlığımız, birgə araşdırmalarımız Azərbaycanda rəqabət sahəsinə töhfələr qazandıracaq”.

Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle qurumun təhsilə hər zaman önəm və dəstək verdiyini diqqətə çatdırıb: “Rəqabət Qurumu olaraq, Türkiyədə bir çox universitetlərlə əməkdaşlıq edirik. Azərbaycanla, xüsusilə də UNEC-lə bu istiqamətdə əməkdaşlığın qurulmasından, təhsilə verəcəyimiz dəstəkdən çox məmnunuq. Düşünürəm ki, əməkdaşlığımız iki qardaş ölkənin iqtisadiyyatına önəmli töhfələr verəcək. Biz tələbə və müəllimləri Ankarada qəbul etməyə, rəqabət sahəsi üzrə təcrübəmizi, apardığımız araşdırmalarımızı onlarla bölüşməyə tam hazırıq”, deyə qurum rəhbəri bildirib.

Çıxışlardan sonra rektor Ədalət Muradov və Rəqabət Qurumunun rəhbəri Birol Küle əməkdaşlıq memorandumunu imzalayıblar. Memorandumda qurumun mütəxəssislərinin UNEC-də tədrisə cəlb edilməsi, tələbə və müəllimlərin Ankarada Rəqabət Təşkilatında akademik bilik və təcrübə mübadiləsində iştirakı, kitabxanaların qarşılıqlı istifadəsi, dissertasiya işlərinə akademik dəstəyin göstərilməsi, qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması və s. istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Səfər çərçivəsində Rəqabət Qurumunun rəhbəri Birol Küle Türk Dünyası İqtisad Fakültəsinin tələbələri ilə də görüşüb. Görüşdə tələbələrə qurumun fəaliyyətindən, azad və sağlam rəqabətin təmin olunması istiqamətində görülən işlərdən, Türkiyəyə iqtisadiyyatına qazandırdığı töhfələrdən söz açıb, eləcə də tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti