Bakı. Trend:
Qloballaşma fonunda əmək bazarı sürətlə dəyişir. Yeni texnologiyaların tətbiqi bu çağırışların bir qismidir.
Trend xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev SABAH Tələbə-Məzun forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Dünya Bankının hesablamalarına görə, yaxın on il ərzində dünyada işçilərin 42 faizinin bacarıqları yenilənməlidir.
“Davamlı inkişafın təmin edilməsində rəqabət köklü insan kapitalının formalaşması mühimdir. Məhz bu səbəbdən ölkələr insan kapitalının inkişafı üçün investisiyalar edir”,- deyə o bildirib.
İ.İsayev əlavə edib ki, Azərbaycanda da insan kapitalının inkişafına xüsusi diqqət ayrılır.
“Təhsil bütün bu proseslərin önündə durur. Qlobal proseslər təhsilin qarşısında yeni çağırışlar qoyur. Müəyyən ixtisaslar üzrə innovativ proqramlar ortaya qoymalı, yeni qiymətləndirmə alətlərindəj istifadə etməliyik. Bu baş verməsə, məzunların əmək bazarına keçidi çətinləşəcək”,- nazir müavini vurğulayıb.