Bakı. Trend:
29 dekabr doğma Füzuli şəhərində Azercell, Bilgə Qrup və North West şirkətinin sponsorluğu ilə “ÜNNA Studio Events & Decorations” tərəfindən təşkil olunmuş, möhtəşəm Yeni il yarmarkasının açılışı baş tutdu.
Trend xəbər verir ki, şəhər mərkəzində təşkil olunan yarmarka bayram əhval-ruhiyyəsini yüksəltmək, şəhər sakinlərinə və qonaqlara unudulmaz anlar yaşatmaq məqsədilə təşkil edilib.
Yarmarkada milli və beynəlxalq brendlər, habelə yerli sahibkarlar tərəfindən təqdim olunan müxtəlif məhsullar sərgilənir. Ziyarətçilər buradan bayram üçün hədiyyələr, dekorativ əşyalar, dadlı qidalar və digər məhsullar əldə edə bilərlər. Tədbir zamanı həm uşaqlar, həm də böyüklər üçün əyləncəli proqramlar, musiqi çıxışları baş tutdu.
Yarmarka 13 yanvara qədər fəaliyyət göstərəcək və hər gün müxtəlif sürprizlərlə ziyarətçiləri sevindirəcək. Hər kəs bu xüsusi bayram atmosferinin bir parçası olmağa dəvət olunur. Vətənə bayram yaraşır!