Bakı. Trend:
Bugünkü günü, qayıdış sevincini bizə yaşadan Prezidentimizə təşəkkür edirik
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, 8 yaşında məcburi şəkildə tərk etdiyi Cəbrayıla indi sərhədçi anası kimi qayıdır.
"Bütün cəbrayıllılar kimi hamımız sevincliyik. Həmişə Cəbrayıla qayıtmağı arzulamışıq. Bu gün isə böyük ümidlərlə doğma yurda qayıdırıq. İnşallah, öz yurdumuzda, elimizdə qürurla yaşayarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz keçmiş məcburi köçkünlər həmişə dövlətin, Dövlət Başçımızın diqqətində olmuşuq. İstər kommunal xidmət xərcləri, istər övladlarımızın təhsil haqqından azad olmuşuq", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.