...

Xocalı qurbanlarının ruhu şaddır: Soyqırımının 33-cü il dönümündə sakinlər doğma yurdlarına qayıdırlar – ŞƏRH

Cəmiyyət Materials 26 Fevral 2025 18:13 (UTC +04:00)
Xocalı qurbanlarının ruhu şaddır: Soyqırımının 33-cü il dönümündə sakinlər doğma yurdlarına qayıdırlar – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Xocalı faciəsindən 33 il ötür. Xocalı hadisələri insanlığa qarşı ən böyük cinayətlərdən olmaqla bərabər, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımıdır. Erməni vandalizm və vəhşiliyinin xalqımıza yaşatdığı bu hadisə hər bir azərbaycanlının milli yaddaşına çevrilib və heç vaxt unudulmayacaq.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, ötən 33 il göstərib ki, belə hadisələr Azərbaycan xalqının əzəmətini, qətiyyətini qıra, onun mübarizlik ruhunu əlindən ala bilməz:

“Ötən 33 ili təhlil etsək, görərik ki, Azərbaycan xalqı ağır məşəqqətlərdən, acılardan, təzyiqlərdən, müharibələrdən keçərək, öz məqsədinə nail oldu. Bu məqsəd suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmək idi. Xocalı soyqırımını törədənlərin məqsədi isə bizim xalqımızın mübarizə əzmini qıraraq, Qarabağı bizdən qoparmaq idi. 33 il göstərdi ki, biz qalib gəldik, məqsədimizə çatdıq. Bir qarış torpağımızı belə erməni faşistləri və terrorçularına vermədik”.

H.Babaoğlu bildirib ki, Azərbaycan xalqı bu gün Xocalıya qayıtmağının təntənəsini yaşayır.

“Prezident İlham Əliyev Xocalı sakinlərinin yurd yerlərinə qayıdışı münasibətilə iştirak etdiyi tədbirdə bildirdi ki, biz Xocalının qisasını aldıq. Doğrudan da, biz bu gün Xocalı qurbanlarının ruhu qarşısında qürurla, fəxarətlə hesabat verə bilirik ki, qanınız yerdə qalmadı. Bu, Azərbaycan xalqının gücünün, iradəsinin təntənəsidir ki, Xocalı sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar. Bu, bir millətin, dövlətin, liderin qüdrətinin göstəricisidir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, bu faciənin üzərindən illər keçsə də, dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub:

“1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır”.

Millət vəkili vurğulayıb ki, müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər:

“Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır. Bu, həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq, bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.

C.Məmmədov açıqlamasında “Xocalıya ədalət!” kampaniyasından da bəhs edib.

“Kampaniyanln məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanan ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti