Bakı. Trend:
Rusiyanın Primorye diyarının Ussuriysk şəhərində fəaliyyət göstərən “Bizim era” diaspor təşkilatı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, öncə Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarx və fotomateriallar nümayiş olunub.
Təşkilatın sədri Ziyadxan Camalov və onun övladları çıxış edərək tədbir iştirakçılarına erməni quldur dəstələrinin Xocalının dinc sakinlərinə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi amansız qətliam barədə məlumat veriblər.
Azərbaycan xalqının və dünya azərbaycanlılarının erməni hərbi birləşmələrinin insanlığa zidd hərbi cinayətlərinin unutdurulmasına yol verməyəcəyi, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərqərar etdiyi kimi, Xocalı soyqırımının günahkarlarının ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olacağına əminlik ifadə edilib.