Bakı. Trend:
Başçəkmələr zamanı sosial xidmət müəssisələrində kadr çatışmazlığının mövcudluğu və vakant ştatların komplektləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, psixoloq ştatının (məsələn, 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində) vakant olması müəssisə sakinlərinin “Psixoloji yardım haqqında” Qanunla təsbit edilmiş ödənişsiz psixoloji yardım almaq hüququnun təminində çətinliklərə səbəb olur:
“4 saylı uşaq evi sosial xidmət müəssisəsində ixtisaslı loqoped ştatı olmadığına görə burada yaşayan nitq pozuntuları olan uşaqların loqoped xidmətlərindən istifadəsi digər müəssisədə həyata keçirilir. Odur ki, uşaq evi sosial xidmət müəssisələrinə loqoped ştat vahidinin ayrılması məqsədəmüvafiqdir”.