Bakı. Trend:
Sosial Xidmətlər Agentliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin ştat cədvəlinə uyğun olaraq sosial xidmətin təşkili şöbəsində bəzi vəzifələrin, o cümlədən bir psixoloq və iki həkim-terapevt vəzifələrinin vakant olaraq qaldığı müəyyən edilib. Bu, ahılların sosial-psixoloji reabilitasiyasına və tibbi xidmətlərin lazımi qaydada həyata keçirilməsinə neqativ təsir göstərir.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, müəssisədə yaşayan bir neçə sakinin şəxsiyyətini təsdiq edən sənədinin müxtəlif səbəblərdən olmaması onların bir sıra hüquqlarının həyata keçirilməsinə, o cümlədən əlilliyinin qiymətləndirilməsinə imkan verməyib.
“Müəssisədə yataq xəstələri olan otaqlarda siqnal düymələrinin olmadığı, otaqların bəzilərinin texniki normalara uyğun gəlmədiyi, rütubətli, habelə döşəklərin bir neçəsinin nimdaş olduğu, avadanlığın və istilik sisteminin yenilənməsinə ehtiyacın yarandığı müəyyən edilib.
Müəssisənin ikinci korpusunun yaşayış üçün tam yararsız olmasına baxmayaraq, orada kifayət sayda ahıl şəxsin yerləşdirildiyini nəzərə alaraq həmin korpusda əsaslı təmir-bərpa işlərinin aparılması zəruridir”, - deyə məruzədə qeyd edilib.
Həmçinin vurğulanıb ki, Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə başçəkmə zamanı ümumilikdə qeydə alınan 119 sakindən 6-nın ahıl şəxs olduğu, həmin şəxslərdən iki nəfərinin əlilliyinin qiymətləndirilmədiyi, həmçinin onlardan bir sakinin şəxsiyyətini təsdiq edən heç bir sənədin olmaması və bunun da əlilliyin qiymətləndirilməsinə imkan vermədiyi müəyyən edilib.