Bakı. Trend:
Qazaxıstanın Qızıl Orda Korkut Ata Dövlət Universitetinin rektoru Beybitkul Karimovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
Trend xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, qazaxıstanlı qonaqlar AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Rektor Gülçöhrə Məmmədova qonağı salamlayaraq Azərbaycan və Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində də uğurla inkişaf etdiyini qeyd edib. Rektor Qızıl Orda Korkut Ata Dövlət Universiteti ilə AzMİU arasında uğurla davam edən akademik və elmi əməkdaşlıqdan danışıb. Bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyinə toxunub.
Qızıl Orda Korkut Ata Dövlət Universitetinin rektoru Beybitkul Karimova AzMİU-da olmaqdan məmnunluğunu ifadə edib. Təhsil sahəsində innovativ yanaşmaların tətbiqinin və elmi-tədqiqat istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, gələcəkdə iki universitet arasında əməkdaşlığın yeni perspektivlər açacağına inandığını deyib.
Dəyirmi masa ətrafında keçən görüş zamanı AzMİU və Qızıl Orda Korkut Ata Dövlət Universiteti arasında 2023-cü ildə imzalanmış memoranduma diqqət çəkilib və bu sənəd çərçivəsində aktiv əməkdaşlıq platformasının formalaşdığı qeyd olunub.
Bundan əlavə akademik mübadilə proqramlarının genişləndirilməsi, ortaq elmi tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq reytinqlərdə mövqelərin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Eyni zamanda ali təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və müvafiq sahələrdə yeni addımlar atılması barədə razılıq əldə edilib.