Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı şəhər mədəniyyəti və Novruz ənənələrini bir araya gətirən “Battle 4 Last Charshanba” adlı festival proqramını uğurla həyata keçirdi.
Novruz Urban Fest həyəcanını yaşadan bu festivalda maraqlı yarışlar, interaktiv ustad dərsləri və şəhər sənətini əks etdirən performanslar sayəsində dinamik bir mühit yaradıldı.
Festival proqramı saat 13:00-da Səid Rzayevin (Tovarich295) təqdim etdiyi “Street Xonça” ustad dərsi ilə başladı. Bu dərs iştirakçılara Novruz adətlərini müasir şəhər mədəniyyəti ilə birləşdirmək imkanı yaratdı.
Eyni zamanda, Bakı Bulvarı ərazisində keçirilən “Scratch Session” yarışlarında skeytbordçular öz bacarıqlarını nümayiş etdirdilər. Bununla yanaşı, şəhər incəsənətini vurğulayan “Graffiti Jam” layihəsi çərçivəsində məşhur qrafitistlər öz işlərini təqdim etdilər.
Festivalın maraqlı hissələrindən biri Anar Şəmsinin keçirdiyi “Mortal Eggs” adlı ustad dərsi və yumurta döyüşü oldu. Yumurta döyüşləri “Tema var” adlı art guşədə baş tutdu və iştirakçılar arasında böyük maraqla qarşılandı.
Festival proqramı çərçivəsində saat 15:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində başlayan “Breakdance” və “All Style” rəqs yarışması saat 21:00-da üç qalibin seçilməsi ilə başa çatdı. Rəqs yarışmalarının xüsusi qonağı isə əfsanəvi gürcü DJ Gocha Khukhuni oldu və o, enerjili seti ilə tədbirə xüsusi rəng qatdı.
Tədbir iştirakçıların maraqlı rəqəmsal tonqal – “İnferno rejimi” ətrafında yallı gedib rəqs etmələri ilə yekunlaşdı. Bu mərasim Novruzun rəmzi ruhunu və birliyini əks etdirdi.